Yaradıcı qadınların seminarı başa çatıb

 

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Bakıda “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsi çərçivəsində keçirdiyi dörd günlük seminarlar başa çatıb.

UNESCO-nun “Üzv dövlətlərin 2016-2017- ci illər üzrə İştirak Proqramı” (“Programme of Participation in the activities of Member States for 2016- 2017”) çərçivəsində və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının köməyi ilə həyata keçirilən seminarlarda yaradıcı qadın yazarlar və rəssamlar bir araya gələrək müxtəlif mövzularda müzakirələr aparıblar. Layihənin məqsədi rəssam və yazıçıların eyni mövzuya müxtəlifbaxışlarını əks etdirmək, bədii nümunələri oxuyub həmin mövzuda rəsm əsəri yaratmaq, bütövlükdə qadınların yaradıcı potensialını daha da inkişaf etdirməkdir.

AZƏRTAC xəbər verir ki, otuzdan çox yazıçı və rəssamın iştirak etdiyi seminarlara ABŞ-ın Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva rəhbərlik edib.

Seminarlar zamanı “Bərabərliyin imici”, “Mən o qadınam ki…”, “Problemli qadın bədii ədəbiyyatda” və s. mövzularda müzakirələr aparılıb, müxtəlif esse, hekayə və şeirlər yazılıb və həmin əsərlərə rəsmlər çəkilib.

İlin sonunda yekunlaşacaq layihə çərçivəsində həmin əsərlərdən ibarət kitab- albomun nəşri, rəsm sərgisi və bədii qiraət gecəsinin keçirilməsi nəzərdə tutulur.

Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil seminarlara yekun vuraraq bildirib ki, gender bərabərliyi mövzusunda 15-dən 55 yaşadək olan qadın yazıçı və rəssamları bir araya gətirərək, onların bir-biri ilə sıx əməkdaşlığına nail olduq və bu əməkdaşlıq onların hər birinin yardıcılığını xeyli zənginləşdirdi.

Azərbaycanın istedadlı qadınlarının yaradıcı fəaliyyətinə dəstək verməkdə iştirakından qürur duyduğunu bildirən Amerikalı mütəxəssis deyib ki, “qadınların seminar ərzində yaratdığı 60-dan çox əsər fərdi, kollektiv və qlobal dəyişikliklərin gücünü əks etdirir. Mən bu əsərləri ABŞ-da və qlobal miqyasda təbliğ etməyi, bölüşməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan ədəbiyyatının və incəsənətinin dünyada tanıdılması məqsədilə 2004-cü ildən bəri maraqlı mədəniyyət tədbirləri keçirir, dünyanın müxtəlif şəhərlərində qadın rəssamlarımızın əsərlərindən ibarət sərgilər təşkil edir.

http://azertag.az/xeber/Yaradici_qadinlarin_seminari_basa_chatib-1069664