Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb
 

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, eləcə də milli ekspertlər Rizvan Bayramov və Rəşad Allahverdiyev təmsil edirlər.

Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, Ümumdünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, İrs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ötən il İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik etmiş və cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı Komitə üzvlərinə təqdim etmişdir.

Komitə öz işini 4 iyul tarixinədək davam edəcək.

Xatırladaq ki, Azərbaycan sözügedən komitənin üzvüdür və hazırda vitse-prezidentdir.

https://azertag.az/