Azərbaycan və YUNESKO arasında imzalanmış Çərçivə Sazişinin Rəhbər Komitəsinin birinci iclası keçirildi

 

11 mart 2016-cı il tarixində Fransa Respublikasının Paris şəhərində Azərbaycan və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair imzalanmış Çərçivə Sazişinin Rəhbər Komitəsinin birinci iclas keçirilmişdir. 

İclasda YUNESKO rəsmiləri ilə yanaşı, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının, eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri iştirak etmişlər.

YUNESKO-nun Strateji Planlaşdırma Şöbəsinin rəhbərinin müavini Jean-Yves Le Saux çıxış edərək Azərbaycan Respublikasına YUNESKO-ya davamlı dəstəyinə görə təşəkkürünü bildirmiş və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd etmişdir. Həmçinin YUNESKO-nun maliyyə problemləri ilə qarşılaşdığı bir vaxtda Azərbaycanın maddi dəstəyinin böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır. 

Daha sonra ölkəmiz tərəfindən Etimad Fondu vasitəsilə maliyyələşdirilən layihələrlə bağlı YUNESKO-nun müvafiq idarələrinin hesabatları dinlənilmişdir.