Forum çərçivəsində UNESCO-Şarjah mükafatı təqdim edilib

AZƏRTAC xəbər verir ki, tədbiri açan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatı barədə məlumat verib. Bildirilib ki, 1998-ci ildə təsis olunan mükafat hər il ərəb mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan iki şəxsə verilir. Bu mükafata namizədlər ərəb mədəniyyətinin dünya miqyasında inkişafına, yayılmasına və təşviqinə əhəmiyyətli töhfələr verməlidirlər.

Fransanın Yuxarı Elzas Universitetində medievalist, "Strasbourg-Mediterranee" Festivalının prezidenti Miriam Şopin bildirib ki, mükafata laureatlar UNESCO-nun baş direktoru tərəfindən beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin tövsiyəsi əsasında seçilir. Bu gün dünyanın üzləşdiyi qloballaşma, dərin siyasi dəyişikliklər və sosial mutasiya fonunda bu mükafat tam olaraq qarşılıqlı anlaşma dəyərlərini təcəssüm etdirir.