Adil Kərimli: Ermənistan hökuməti Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur

Adil Kərimli: Ermənistan hökuməti Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur
 

Link: https://azertag.az/

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri - məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri və digər abidələr erməni vandalizminə məruz qalaraq dağıdılıb. Eyni zamanda, Ermənistan hökuməti hazırkı Ermənistanda Azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.

AZƏRTAC xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli deyib.

“Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri (Göy məscid, Qala məscidi Şah Abbas və bunlar kimi 300 dən çox məscid və monumental abidələr) sistemli və məqsədyönlü şəkildə məhv edilib. Bir sözlə, UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub. Saysız hesabsız belə faktlar mədəni irsin qorunmasında əsas rol oynayan beynəlxalq təşkilat üçün həyəcan siqnalı olmalı idi. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir və zəruri tədbirlər görülməli halda məqsədli şəkildə hərəkətsizlik ifadə olunur. Bu səbəbdən müxtəlif beynəlxalq platformalarda ortaq tariximizi və dəyərlərimizi əks etdirən mədəni irsin bərpası və qorunması, bu sahədə pozulmuş hüquqların müdafiəsi və beynəlxalq ədalətin bərpası istiqamətində birgə fəaliyyət önəmlidir. Bu baxımdan, Türk dünyasının UNESCO Milli Komissiyaları kimi, müvafiq sahədə səylərimizi birləşdirərək əməkdaşlığımızı daha da intensivləşdirməkdə mühüm fayda var”,-deyə Adil Kərimli bildirib.