Alisia Lunyo: Şuşanı təsvir edərkən əlvan rənglərdən istifadə etmişəm

Link: https://azertag.az/

Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində gənc rəssamlar Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər etdikdən sonra öz təəssüratlarını Şuşa şəhərində kətan parça üzərinə köçürməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, layihə iştirakçısı ispaniyalı rəssam Alisia Lunyo çəkdiyi rəsmi Şuşaya həsr etdiyini bildirib.

O deyib: “Şuşanın küçələri ilə gəzərkən qarşıma çıxan beşmərtəbəli bina diqqətimi çəkdi və mən onu kiçik rəsmdə əks etdirmək istədim. Həmin bina tamamilə dağıdılsa da, mən onu rəsmdə olduqca əlvan rənglərlə işləmişəm. Rəsmdə, həmçinin həmin binanı bərpa edən, şəhəri abadlaşdıran, ümumilikdə Şuşanın əvvəlki görkəmini özünə qaytarmaq üçün gecə-gündüz çalışan fəhlələrin əksini də görmək olar. Bu, həmin işçilərə mənim tərəfimdən olan bir ehtiramdır”.

“Rəsmdə əlvan rənglərdən istifadə etmişəm. Çəhrayı və sarı rəngləri qabardıb, göyün müxtəlif çalarları ilə uyğunlaşdırmışam. Bundan başqa rəsmdə ağ rəngi də görmək olar. Bunlar mənim ən çox sevdiyim rənglərdir”, - deyə Alisia Lunyo əlavə edib.

Qeyd edək ki, gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Məmməd Məmmədli
Şuşa