Bakıda “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
 

Link: https://azertag.az/

Mayın 5-6-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutacaq.

Çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm işlər görüb, sözügedən məsələləri siyasi fəaliyyəti müddətində daim ön planda saxlayıb.

Bunu nəzərə alaraq, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək konfransda “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Beynəlxalq tədbirə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcək.

İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.