Odri Azule: UNESCO Azərbaycanla artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlıdır

 

Link: https://azertag.az/

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Baş direktoru Odri Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov UNESCO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odri Azuleni təbrik edib. O, ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğinə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan-UNESCO Etimad Fondundan Təşkilatın iki əsas prioritetindən olan Qlobal Afrika Prioriteti və Gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, UNESCO-nun mənzil-qərargahında təşkil edilmiş tədbirin həmtəşkilatçısı olduğuna görə xanım Baş direktora təşəkkürünü bildirib.

Öz növbəsində Odri Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.