Parisdə “Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” mövzusunda konfrans keçirilib

Link: https://azertag.az/

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və bu qurumdakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “İrəvan şəhərində Azərbaycanın sonuncu mədəni, tarixi irsinin, qədim Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” adlı kitabın təqdimatı, eləcə də bu mövzuya həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın əvvəlində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Fransadakı səfirimiz Rəhman Mustafayev çıxış edərək konfransın mövzusunun əhəmiyyəti barədə məlumat veriblər.

Sonra konfransda hüquqşünas, politoloq, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Ermənistanın Azərbaycanlı İcmasının üzvü Zaur Sadıqbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Strateji Kommunikasiyalar Mərkəzi Assosiasiyası direktorunun köməkçisi Əli Abdullayev, UNESCO-nun insan hüquqları və informasiya hüququ kafedrasının rəhbəri Əmir Əliyev çıxış edərək Ermənistandan azərbaycanlıların mərhələli şəkildə qovulmasından, soydaşlarımıza qarşı aparılan etnik təmizləmədən, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması, tarixi izlərin silinməsi istiqamətində aparılan erməni siyasəti haqqında ətraflı məlumat veriblər. Natiqlər müzakirə olunan mövzu ilə bağlı aparılan tədqiqat işlərindən, arxivlərdən söz açaraq, dərc edilmiş kitab və materialları təqdim ediblər.

Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistanda xalqımıza məxsus tarixi, mədəni abidələrin yerlə-yeksan edilməsindən, mandatı mədəni irsi qorumaq olan UNESCO-nun buna laqeyd münasibətindən danışılıb. Z.Sadıqbəyli bir qrup azərbaycanlının məktubla UNESCO-ya müraciət etməsinə baxmayaraq, qurumun bu günədək susduğuna təəssüfünü bildirib. O, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi ilə bağlı müfəssəl məlumat verib. Azərbaycanın müxtəlif dövrlərdəki xəritələrini göstərərək, onların qədim əcdadlarının yurdundan qovulduğunu izah edib.

Konfransda Ermənistanın Azərbaycana qarşı apardığı urbisid, kultursid və ekosid siyasətindən danışılıb. Ermənistanın urbisid, kultursid və ekosid siyasətini əks etdirən müvafiq videolar nümayiş olunub.

Sonda natiqlər konfrans dinləyicilərinin suallarını cavablandırıblar.

Həmçinin konfrans çərçivəsində Ermənistanda dağıdılmış Azərbaycan tarixi və mədəni irs abidələrinin fotolarından ibarət sərgi də təşkil olunub.

Qeyd edək ki, “İrəvan şəhərində Azərbaycanın sonuncu mədəni, tarixi irsinin, qədim Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” kitabının təqdimatı və bu mövzuda konfrans keçirilməsi haqqında məlumat almış Nor seround erməni radikal qrupu konfransa mane olmağa cəhd etsələr də, Fransa polisi onların qarşısını alıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris