UNESCO Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının nümayəndələrini Bakıya dəvət edib

Link: https://azertag.az/

Koreya paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi mayın 10-da işini davam etdirib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) AZƏRTAC-a bildiriblər ki, konqresdə UNESCO İdman bölməsinin rəhbəri Filip Müllerin təmsil etdiyi beynəlxalq qurumun qarşıdakı tədbirləri haqqında təqdimatı dinlənilib. O, iyunun 26-29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək bədən tərbiyəsi və idmana məsul nazirlərin və yüksək vəzifəli şəxslərinin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) haqqında məlumat verib.

Təqdimatın sonunda Filip Müller AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıdakı konfransa dəvət edib.

AİPS Prezidenti Canni Merlo MİNEPS VII-də iştirak edəcəyini bildirib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AİPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə UNESCO nümayəndəsinə təqdimata görə təşəkkürünü bildirib.

Konqres mayın 12-dək davam edəcək.