UNESCO: Elm Komissiyasının iclasında ölkəmizdə biosfer qoruqları istiqamətində görülən işlərdən danışılıb

Link: https://azertag.az/

UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun Elm Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi Elm Komissiyasının iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev və həmin xidmətin rəis müavini Rəşad Allahverdiyev təmsil ediblər.

İclasda biosfer qoruqlarına dair müzakirələrdə nümayəndə heyətimizin üzvü Firuddin Əliyev ölkəmizdə son illərdə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, eləcə də biosfer qoruğunun yaradılması istiqamətində aparılan işlərdən danışıb, biosfer qoruqlarını xüsusi mühafizə altında olan ərazilər üçün səmərəli fəaliyyət kimi dəyərləndirib.

Xidmət rəsmisi, eyni zamanda, Qafqaz və Azərbaycanda ilk biosfer qoruqlarının yaradılması işlərinə başlanılması haqqında iştirakçıları məlumatlandırıb.

UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilən Elm Komissiyasının iclasında irəli sürülən Beynəlxalq Biosfer Qoruqları Gününün qeyd olunması təklifi dəstəklənib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris