UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qeyd ediləcək

UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qeyd ediləcək
 

Link: https://azertag.az/

Parisdə UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qurumun mənzil-qərargahında qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, “İpək yolu”na həsr edilmiş tədbir Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən birgə təşkil olunacaq.

Tədbir “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı Beynəlxalq forumla başlayacaq. Forumda beş təşkilatçı ölkənin görkəmli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər. Forumun məqsədi UNESCO-nun “İpək yolu” proqramının son 30 ildə mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və sülh mədəniyyətinin qurulması sahəsində qazandığı nailiyyətləri müəyyən edərək qiymətləndirməkdir. Həmçinin indiki qlobal kontekstdə mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik üzrə bacarıqların möhkəmləndirilməsi üçün qurumun proqramının istiqamət və məqsədlərini müəyyən etməkdir.

Həmçinin tədbir çərçivəsində “Gənclərin İpək yoluna baxışı” foto müsabiqəsinin rəsmi təqdimatı keçiriləcək. UNESCO-nun mənzil qərargahının qarşısında “Gənclərin İpək yoluna baxışı” foto müsabiqəsində seçilmiş 140 fotonun sərgisi olacaq. “İpək yolu” boyunca bilik və bacarıqların mübadiləsinə həsr olunmuş qısametrajlı film nümayiş olunacaq.

Sonra tədbir “İpək yolunda gənclərin tədqiqat təqaüdü” mövzusunda elmi simpoziumla davam edəcək. Simpozium gənc tədqiqatçıları və UNESCO-nun “İpək yolu” gənclər tədqiqat təqaüdünün birinci nəşrinin benefisiarlarını bir araya gətirəcək.

Tədbir proqramı sənədli filmin nümayişi və Azərbaycan, Qazaxıstan və Çin incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş konsertlə başa çatacaq.

Qeyd edək ki, UNESCO “İpək yolu” proqramı ilk dəfə 1988-ci ildə “İpək yolunun inteqral tədqiqatı, dialoq yolları (1988-1997)” adlı elmi ekspedisiya, sahə araşdırmaları, konfranslar vasitəsilə Şərq və Qərb xalqları arasında mədəni qarşılıqlı əlaqələri işıqlandıran təşəbbüslə başlayıb. 2012-ci ildə ikinci mərhələyə start verildikdən sonra proqram biliklərin inkişafı, səfərbərliyi və yayılması, tərəfdaşlıq və şəbəkənin qurulması, gənclərin səlahiyyətlərinin artırılması kimi üç əsas sahəyə diqqət yetirib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris