Xalça Muzeyində Ümummilli Liderin 100 illiyi münasibətilə sərgi açılıb

Link: https://azertag.az/

Azərbaycan Milli Xalça Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Tarixin salnaməsi” adlı sərgi və “Milli sərvətimiz” adlı sənədli filmi ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” adlı sərgidə nümayiş olunan dərin fəlsəfi məna kəsb edən və orijinal kompozisiyaya malik xalçanın ideya müəllifi Şirin Məlikovadır.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Bildirib ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu sənətkarlıq nümunəsinin leytmotivi Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamıdır. Xalçanın bədii quruluşunda dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, xalqımızın milli irsinə, xüsusilə də xalça sənətinə böyük diqqət və qayğısı simvolik dildə öz əksini tapıb. Bu unikal sənət nümunəsinin əsas elementi olan ağac isə soy-kökümüzün rəmzi kimi təqdim olunub.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb, onun mədəniyyətimizin inkişafına göstərdiyi xidmətləri vurğulayıb. Ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlərin təşkil olunduğuna diqqət çəkən nazir müavini Xalça Muzeyində reallaşan beynəlxalq elmi konfransın da bu qəbildən olduğunu qeyd edib.

“Bu gün təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu müstəqil respublikamız öz tarixinin ən önəmli və qürurlu dövrlərindən birini yaşayır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan dünyanın və regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dönəmlərdə dünyada Azərbaycanın siyasi nüfuzunu möhkəmləndirməsi, güclü iqtisadi inkişafa nail olması ilə bərabər, həmçinin milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə böyük diqqət və qayğı ilə yanaşmış və hər zaman mədəniyyətmizin xalqın ən mühüm milli sərvətlərindən biri olduğunu vurğulanıb. O, Azərbaycan mədəniyyətinin əsl, həqiqi himayədarı idi. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, o Heydər Əliyevin qayğı və himayəsindən kənarda qalsın.

Onun rəhbərliyi ilə ölkəmizdə mədəniyyətin müxtəlif sahələri-musiqi, ədəbiyyat, kino, teatr, muzey işi və s. sahələrin inkişafı ilə bağlı dövlət proqramları qəbul olunmuş və bütün bunlar bu mədəni sahələrin ümumi inkişafına, tərəqqi etməsinə böyük təkan vermişdir. Muzey sferasının inkişafı da onun daima diqqət mərkəzində olmuşdur. Muzeylərin dəyərli eksponatlarla zənginləşməsi üçün mühüm göstərişlər vermiş, dövlət büdcəsindən davamlı maliyyə vəsaitləri ayrılmışdır”, - deyə nazir müavini söyləyib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev UNESCO-Azərbaycan münasibətlərindən danışıb, ölkəmizin bu təşkilatla hazırkı əlaqələri haqqında məlumat verib, sərgi haqqında fikirlərini bölüşüb.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıc belə bir sərginin Xalça Muzeyində təşkilindən məmnunluğunu ifadə edib.

Əməkdar rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən ərsəyə gətirilən “Tarixin salnaməsi” xalçasının toxunmasında 100 rəng çalarında yun və ipək iplərdən istifadə olunub.

Sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov səhnələrinin, “Yallı” milli rəqsinin, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Koroğlunun, Azərbaycanın üçrəngli bayrağının, görkəmli mütəfəkkir Nizami Gəncəvinin poemasından, həmçinin dahi lider Heydər Əliyevdən sitatların, Novruz bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın, müqəddəs ağacın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya nümayiş olunur.

Həmçinin, sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film təqdim edilib. Ulu Öndərin ölkəmizdə bütün sahələrin, o cümlədən, mədəniyyətin, incəsənətin, eləcə də Azərbaycan xalça sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğını əks etdirən sənədli filmin istehsalında müxtəlif mənbələrdən toplanmış nadir kino və fotoxronika arxivlərindən istifadə olunub. Burada Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda keçirilmiş Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumundan görüntülər yer alıb.

Azərbaycan Milli Xalça Muzeyi tərəfindən hazırlanmış “Milli sərvətimiz” adlı filmin ideya müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Sərgi muzeyin ziyarətçiləri üçün açıqdır.