Yekaterinburqda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib

Link: https://azertag.az/

Sverdlovsk Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğu və UNESCO üzrə Azərbaycan milli komissiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Sverdlovsk vilayətinin rəsmiləri, ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Gecə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərginin və filmin nümayişi ilə başlayıb.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev gecəni açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan danışıb. Diplomat, həmçinin Ümummilli Liderin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə kuratorluq etdiyi sahələrin inkişafına verdiyi töhfələrdən söz açıb, Sverdlovsk vilayətində də Ulu Öndərin adının minnətdarlıqla və ehtiramla çəkildiyini qeyd edib.

Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski Ulu Öndər Heydər Əliyev ilə görüşlərini xatırlayıb, onun Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətlərindən danışıb.

Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin tədbir iştirakçılarını vilayətin qubernatoru Yevgeni Kuyvaşevin adından salamlayaraq bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev dünya tarixində silinməz iz qoyub. “Heydər Əliyev SSRİ dövründə Sverdlovsk vilayətində sənayenin inkişafına önəmli töhfələr verib. Artıq müstəqillik illərində Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin qurulmasında onun böyük xidmətləri var. Heydər Əliyevin xatirəsi bütün dünyada olduğu kimi, Rusiyanın qəlbi sayılan Sverdlovsk vilayətində də ehtiramla yad edilir”, - deyə nazir bildirib.

Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov çıxışında qeyd edib ki, SSRİ-də həyata keçirilmiş bir çox nəhəng layihələr Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, onu həm keçmiş SSRİ məkanında, həm də Azərbaycanda çox sevir və böyük ehtiramla anırlar.

Gecə “Bakı virtuozları” kamera orkestrinin ifasında Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət konsertlə davam edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq