İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb

İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb

Cari ilin 13 fevral tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb.

Qeyd olunmalıdır ki, YUNESKO tərəfindən hər ilin 13 fevral tarixi Dünya Radio Günü kimi qeyd olunur və tədbirin bu ilki mövzusu “Radio və İdman” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri- YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak ediblər.

E.Sultanov Azərbaycanın YUNESKO ilə əməkdaşlığının tarixi, son 25 il ərzində Milli Komissiyanın ölkəmizin aidiyyəti dövlət qurumları, YUNESKO və üzv dövlətlər ilə birgə əməkdaşlıq çərçivəsində gördüyü önəmli işlərdən danışdı.

Azərbaycan ilə YUNESKO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri haqda danışan E.Sultanov, Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığını bildirdi və bu səpkidə “Çovqan, Qarabağın ənənəvi atüstü oyunu” barəsində ətraflı məlumat verdi.
Öz növbəsində, S.Məmmədova radionun dünya və Azərbaycan məkanındakı önəmli rolu və ölkəmizin gənclər və idman fəaliyyəti sahəsində YUNESKO ilə əməkdaşlığı haqda dinləyicilərə geniş məlumat verdi.