Azərbaycanın UNESCO üzrə Milli Komissiyası böyük uğurlara imza atıb

 

Martın 6-da Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mədəni tədbir keçirilib.

Tədbir Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışı və DA incəsənət studiyasının gənc rəssamlarının ölkəmizin UNESCO-nun müvafiq siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgisi təqdim olunub.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Televiziyası və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə hazırladığı qısametrajlı film nümayiş etdirilib. Filmdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, Azərbaycan-UNESCO əməkdaşlığının inkişaf mərhələləri, ölkəmizin əldə etdiyi uğurlar və digər məsələlər öz əksini tapıb.

Mədəni tədbirdə Azərbaycanın tanınmış xanəndələri Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Arzu Əliyeva, Əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ustası Elnur Əhmədov, F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, gənc aşıqlar kollektivi, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi, gənc muğam ifaçısı Kənan Bayramov çıxış ediblər.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın üzvləri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbir çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən birgə hazırlanan, muğam parçalarından ibarət CD albom və Azərbaycan-UNESCO münasibətlərinə həsr olunmuş aidiyyəti nəşrlər təqdim olunub.

https://azertag.az/xeber/Azerbaycanin_UNESCO_uzre_Milli_Komissiyasi_boyuk_ugurlara_imza_atib-1255304