6 saylı məktəb-liseyin şagirdlərinə Azərbaycan-UNESKO əməkdaşlığı barədə məlumat verilib

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri–UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov UNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseydə mühazirə ilə çıxış edib.

UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 25 illiyi münasibətilə şagirdlərlə keçirilən görüşdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESKO) barədə ətraflı məlumat verən E.Sultanov ölkəmizin UNESKO ilə mövcud olan əməkdaşlıq münasibətlərinin tarixindən, Təşkilata üzvlüyündən, Milli Komissiyanın fəaliyyət istiqamətlərindən, əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən bəhs edib. İnteraktiv formada keçən görüşdə E.Sultanov şagirdlərin çoxsaylı suallarını cavablandırıb.

Sonra 6 saylı məktəb-lisey tərəfindən UNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi çərçivəsində həyata keçirilən layihələr barədə video-təqdimat nümayiş olunub. Daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş açıq dərs keçirilib, şagirdlər sözügedən mövzu ilə bağlı biliklərini nümayiş etdiriblər.

Sonda, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən nəşr olunan kitablar və Milli Komissiyanın loqosu olan xatirə suveniri məktəbə hədiyyə edilib.

Görüşdə UNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi üzrə Azərbaycan milli koordinatoru Vəfa Yaqublu, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin əməkdaşları, 6 saylı məktəb-liseyin müəllim heyəti iştirak ediblər.

Qeyd olunmalıdır ki, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi münasibətilə UNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan Azərbaycan məktəblərində il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

https://azertag.az/