Azərbaycan rəqqasları Özbəkistanda keçirilən rəqs festivalında ikinci yerə layiq görülüblər

Link: https://azertag.az/

Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalı qala konsert proqramı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə rəqs qrupu təmsil edib.

Qala konsert proqramından sonra müsabiqə qaliblərinin adları elan olunub.

Özbəkistanın nümayəndəsi Dilnoza Artıkova “Qran-pri”nin sahibi olub.

Özbəkistan, Qazaxıstan və Bolqarıstan kollektivləri birinci yeri tutublar.

Azərbaycan, Özbəkistan, Hindistan və Tacikistan kollektivləri ikinci yerə layiq görülüb. Azərbaycan rəqqasları “Ən gözəl kollektiv rəqs” nominasiyasında bu mükafatı alıblar.

Üçüncü yeri Türkiyə və Qırğızıstan rəqqasları tutub.

Azərbaycanın rəqs qrupu müsabiqədə “Cəngi” (solistlər Əməkdar artistlər Elnur Süleymanov və Nigar Şahmuradova), xalq rəqsi “Yüzbiri” (solist Əməkdar artist Günel Şeyxova), xalq rəqsi “Ay ləli” (solist Əməkdar artist Viktoriya Şahmuradova) və “Yallı” xalq rəqslərini ifa ediblər. Ansamblın baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.

Xatırladırıq ki, festivala dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd