Bakıda “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub

Link: https://azertag.az/

Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələri yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən ölkəyə rəhbərlik etməsindən sonra dövlət qayğısı ilə əhatə olunub.

Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə Bakı şəhərində İçərişəhərin tarixi hissələri tarix-memarlıq qoruğu elan edilib. Eyni zamanda, Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, qoruq ərazisində tarix və mədəniyyət abidələrinin qorunması üçün daim müvafiq tədbirlər həyata keçirilir.

Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov təşkilatın böyük mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan bu il Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda tarixi-mədəni irsimizin qorunub saxlanması üçün böyük işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, eyni zamanda, Azərbaycan xalqının mədəni irsinə, onun qorunmasına və bərpasına dövlətimizin başçısı böyük önəm verir.

S.Yusifova vurğulayıb ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin ərazilərdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb: “Abidələrin monitorinqini yekunlaşdırmaq çətindir. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün həmin yerlər minalardan təmizlənməlidir, bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır”.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY Baş Katibinin müavini Sait Yusuf, Türk Mədəniyyəti və İrsi Fondunun Layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Mədəni Mülkiyyətin Qorunmasının və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz təşkilatının (ICCROM) direktoru Josef Kinq və Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibi Mikael dö Tiz (video müraciət) çıxış ediblər. Bildirilib ki, hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir.

Çıxış edənlər Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsinə dair Bakı Bəyannaməsinin imzalanacağını bildiriblər. Qeyd edilib ki, şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı”, Tahir Salahovun ev muzeyində isə “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər təşkil olunub.

Konfrans oktyabrın 13-dək davam edəcək.