Polşada Müstəqillik Günü, Ulu Öndərin 100 illik yubileyi və Silahlı Qüvvələri Günü təntənə ilə qeyd olunub

Link: https://azertag.az/

Müstəqillik Günü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyi tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mularçık, Polşa hökuməti, seymi və senatının, Avropa Parlamentinin üzvləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və hərbi attaşeləri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizovanın ifasında Azərbaycan Respublikası və Polşa Respublikasının Dövlət himnləri ifa olunub.

Qəbulda çıxış edən ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycanın Müstəqillik Gününün tarixi barədə məlumat verib, müsəlman və Türk dünyasında ilk dünyəvi və parlamentar respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, gördüyü işlərdən danışıb.

Qeyd edilib ki, polyak əsilli vətəndaşlarımız Xalq Cümhuriyyətinin hökumət strukturlarında, parlamentdə, məhkəmə-hüquq sistemində təmsil olunub və ümumi vətənimiz Azərbaycanın müdafiəsi üçün səylərini əsirgəməyib. General-leytenant Masey Sulkeviç Azərbaycan Ordusunun Baş Qərargah rəisi, publisist və tarixçi Leon Kriçinski Nazirlər Şurası Dəftərxanasının rəisi, onun qardaşı Olqerd Kriçinski isə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb. Polyak rəsmiləri Azərbaycanın beynəlxalq aləmdə tanınmasını hər zaman dəstəkləyib və Polşa Azərbaycan Xalq Cümhuriyyətini tanıyan 23 dövlətdən biri olub.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası AXC-nin varisidir. Dövlət müstəqilliyinin bərpa olunmasına baxmayaraq, sonrakı iki ildə baş verən silahlı münaqişə və ərazilərimizin işğalı, ölkə iqtisadiyyatının çökməsi, mövcud çətinliklər milli dövlətçiliyi süqut ərəfəsinə gətirib çıxarmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi oldu, Azərbaycan xaos və anarxiyadan inkişafa doğru addımlamağa başladı. Ulu Öndərin müəyyən etdiyi xarici siyasət kursu ölkəmizin dünya siyasi sistemində layiqli mövqe tutmasını təmin etdi, Azərbaycanın gələcəkdə regionda söz sahibi olmasına zəmin yaratdı. Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mularçık nazir Zbiqnev Raunun təbriklərini çatdırıb. Nazir müavini münasibətlərimizin tarixinə nəzər salaraq, Polşanın hələ 1919-cu ildə dünyada ilk dövlətlərdən biri olaraq Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıdığını qeyd edib. Polyaklar tərəfindən Azərbaycanın dövlət quruculuğuna, ölkəmizin iqtisadi inkişafına verilən mühüm töhfə vurğulanıb.

Nazir müavini əlavə edib ki, bu gün Polşa Azərbaycanı Cənubi Qafqazda mühüm siyasi və iqtisadi tərəfdaş, Şərq Tərəfdaşlığının üzvü, Avropa İttifaqının enerji təchizatçısı və transkontinental nəqliyyat xətlərinin tikintisində əsas tərəfdaş kimi qəbul edir. Polşa ümumi dəyərlərə, sülhə, firavanlığa, eləcə də hər iki ölkənin maraqlarına uyğun olaraq uzunmüddətli, çoxşaxəli ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır. Rəsmi Varşava məqsədi iqtisadi əlaqələr də daxil olmaqla, çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək olan və 2017-ci ildə Polşa və Azərbaycan prezidentləri tərəfindən imzalanan “Strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin müddəalarını bundan sonra da həyata keçirmək niyyətindədir. Nazir müavini bildirib ki, Avropa və Asiyanı birləşdirən formalaşmaqda və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri çərçivəsində Polşa və Azərbaycan inkişaf edən logistika və paylama mərkəzləri hesab edilir. Ölkəsinin Azərbaycanla nəqliyyat və logistika əməkdaşlığının inkişafını dəstəklədiyini ifadə edən qonaq 2022-ci ilin iyul ayında Bakı Limanı ilə Qdansk Limanı arasında Anlaşma Memorandumunun imzalanmasını xatırlayıb.

Rəsmi qəbul çərçivəsində səfirliyin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimovun iştirakı ilə “Qarabağ” muğam qrupu və müğənni Çinarə Məlikzadə çıxış edib və qonaqların böyük rəğbətini qazanıb.

Konsert proqramından sonra Heydər Əliyev Fondunun hazırladığı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və görkəmli siyasi xadimin irsini əks etdirən fotosərgi nümayiş etdirilib.

Rəsmi qəbul ziyafətlə davam edib və qonaqlara Azərbaycanın milli təam və içkiləri təqdim olunub.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana