UNESCO: “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans təşkil edilib

Link: https://azertag.az/

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, UNESCO yanında Daimi Nümayəndəliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və UNESCO-nun tərəfdaşlığı və təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən konfransda mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, UNESCO baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini, UNESCO baş direktorluğu yanında gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açılış nitqi söyləyiblər.

Vebinarda Nizami Gəncəvi irsini araşdıran azərbaycanlı və beynəlxalq tədqiqatçılar - Kembric Universitetinin Asiya və Orta Şərq araşdırmaları fakültəsinin professoru Kristin van Rumbeke, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barri və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva böyük mütəfəkkir və şairin yaradıcılığına dair apardıqları elmi araşdırmalardan söz açıblar.

UNESCO baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini Nizami Gəncəvinin elmə, təhsilə yüksək qiymət və önəm verdiyini söyləyərək, UNESCO-nun sülh qurmaq, yoxsulluğu aradan qaldırmaq və davamlı inkişafı təmin etmək missiyasının mərkəzində məhz təhsil durduğunu xatırladıb. Nizaminin təhsillə bağlı ideyalarının bu gün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qurumun təhsil sahəsində müxtəlif ölkələrdə apardığı fəaliyyətinə toxunub.

Mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev bildirib ki, bu il 880 illik yubileyi qeyd edilən dahi mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda, onun əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə bəşəriyyətə ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur “Xəmsə”si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında mütəfəkkir şairin yaradıcılığı barədə fikirlərini bölüşüb. O, insanları əxlaqi kamilliyə və humanizmə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami yaradıcılığında qadına bəslənən xeyirxah münasibətdən, elm və təhsilə, haqq və hüquqa sayğı çağırışından, sosial ədalət prinsipindən bəhs edib.

Videokonfransda Q.Paşayeva Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, Xocalı soyqırımı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda törədilmiş barbarlıq, mədəniyyət və incəsənət abidələrimizin dağıdılması, muzeylərin talanması haqqında danışıb. Deputat məscidlərimizin, qəbirlərimizin təhqir olunmasına, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə də toxunub. Bütün bunları törədən zehniyyətin bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini söyləyib.

UNESCO baş direktorluğu yanında gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui təşkilatın gender bərabərliyini əsas insan hüquqlarından, eləcə də davamlı inkişafın zəruri şərti hesab etdiyini vurğulayaraq, gender bərabərliyi ilə bağlı qarşıda duran strateji təşəbbüslərdən və əsas proqramlardan söz açıb. Nizaminin əsərlərində qadınların sülh və müdriklik səsi olmasını oxuyanda təsirləndiyini diqqətə çatdırıb. Nizaminin əsərlərində barışdırıcı rol oynamış qadın obrazlarından misallar çəkərək, bu gün də qadınların sülhə, barışığa böyük töhfələr verdiyini vurğulayıb.

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev bildirib ki, Nizami Gəncəvi fəlsəfi fikirləri bütün dünyada fəlsəfi düşüncənin təkamülünə, ədəbi ənənənin inkişafına təsir edən şairdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə milli mədəniyyət və ədəbiyyatımızın dünyada təşviqi istiqamətində böyük layihələr həyata keçirilib. Nizami Gəncəvinin “Xəmsə”sinin yenidən nəşri də bu layihələr sırasındadır. O, Nizami Gəncəvinin ölməz əsərlərinin Azərbaycan, Türkiyə, Özbəkistan və İranın birgə təklif etdiyi və 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş “Miniatür sənəti”nin inkişafına təkan verdiyini qeyd edib. Bildirib ki, UNESCO tərəfindən irəli sürülən ümumbəşəri dəyərlərin Nizami əsərlərinin ümumi ruhu ilə üst-üstə düşdüyü üçün bu təşkilat Nizami Gəncəvi ideyalarını və mədəni irsini təşviq etmək üçün ən uyğun platformadır. Böyük şairin əsərlərindəki ideyalar, fikirlər dünyanı müdrikliyə, sülhə və barışığa çağırır.

Sonra tədqiqatçılar Nizami Gəncəvi yaradıcılığı və əsərlərindən söz açıblar. Nizami Gəncəvinin gender bərabərliyi, qadın təhsili və müdrikliyinin təşviqçisi olduğu qeyd edilib. Böyük mütəfəkkirin əsərləri vasitəsi ilə çatdırmaq istədiyi fəlsəfi düşüncələri, cəhalətlə mübarizə, insan ləyaqətinə hörmət, qadın hüquqları, gender bərabərliyi, inancın mənəvi kamilliyi, sülhə və ədalətə çağırış, humanizm kimi ideyalarından danışılıb. Nizami sənətinin ölməzliyini təmin edən elementlər, onun yaradıcılıq meyarlarının əsasını təşkil edən qadın obrazlarına dair araşdırmalar təqdim edilib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris